Kişilər Niyə Tez Küsür? Münasibətlərdə Yeni Tendensiyalar Və Səbəblər

News Image

Son illərdə qadınlar kişilərin həddindən artıq nazlı olmasından şikayət edirlər. Əvvəllər daha məsuliyyətli olan kişilərin indi tez küsən, incik və tələbkar olması müzakirə mövzusudur. Bəs, kişilər niyə belə dəyişdi? Bu vəziyytin səbəbləri nələrdir?

Psixoloq Gülnar Orucova bildirir ki, problemin kökündə ailə tərbiyəsi və dəyişən sosial mühit dayanır. Dəyişən gender rolları, seçim bolluğu, sosial medianın təsiri kişilərin davranışında ciddi dəyişikliklər yaradıb. Qadınlarla tanış olmaq asanlaşıb və bu, kişilərdə arxayınlıq yaradır. Onlar düşünürlər ki, “Bu olmazsa, digəri var.” Bu düşüncə münasibətlərə yanaşmanı dəyişir, kişilər daha tez küsən, nazlı və tələb edən tərəfə çevrilirlər.

Keçmişdə oğlan uşaqları çətinliyə alışdırılırdı. İndi isə valideynlər uşaqlarının əziyyət çəkməməsi üçün hər şeyi edirlər. Hətta elə hallar var ki, məktəbdə oğlan uşağının çantasını başqası daşıyır. Öz çantasını daşımayan uşaq sabah ailə məsuliyyətini necə daşıyacaq? Bu cür tərbiyənin nəticəsi olaraq kişilər daha dözümsüz, tələbkar və asılı olurlar. Kiçik bir problem olanda küsüb uzaqlaşmaq adi hala çevrilir.

Digər tərəfdən qadınlar daha güclü olurlar. Onlar işləyir, uğur qazanır və mübarizə aparırlar. Qadınlar həyatda daha möhkəm dayanmağa çalışdığı halda, bəzi kişilər bu yükdən yayınmağa meyllənir. Biz oğlan uşaqlarını rahatlıq üçün böyüdürük. Halbuki kişi məsuliyyətlə formalaşır. Valideynlər oğlanlarına məsuliyyət öyrətməlidirlər. Qoy yatağını yığsın, paltarını səliqəyə salsın, ayaqqabısını təmizləsin. Bunlar gələcək xarakterin təməlidir. Əks halda qadınlar münasibətdə tərəfdaş yox, tərbiyəçi roluna düşür.

Sosioloq Mətanət Məmmədova qeyd edir ki, kişilərin nazlı davranışı sosial problemə çevrilib. Əgər insanın xarakterində buna meyillilik varsa, uyğun şərait yarananda bu xüsusiyyət üzə çıxır. Ailə tərbiyəsi də mühüm rol oynayır. Bəzi analar oğlanlarını həddindən artıq qoruyaraq, hər istədiyini təmin edərək böyüdürlər. Bu isə kişilərdə inciklik, küsəyənlik və həddindən artıq gözlənti kimi xüsusiyyətlər formalaşdırır. Azərbaycanda qadınlar kişini güc, dayaq və arxa kimi görüb. İndi isə rollar dəyişir. Əvvəllər qadın küsərdi, kişi barışdırardı. İndi isə kişi küsür, qadın onu razı salmağa çalışır. Naz Azərbaycan kişisinə yaraşmayan davranışdır. Valideynlər oğlanlarına məsuliyyət hissi aşılamalıdır. Əks halda gələcəkdə problemlər qaçılmaz olur. Bəzi kişilər bu davranışlarını problem kimi qəbul etmirlər. Halbuki bu, müasir münasibətlərdə ciddi çatlara səbəb olur. Qadınlar güvənli və dayaq görə biləcəkləri insanları seçirlər. Münasibətlərdə davamlılıq üçün davranış keyfiyyətləri önəmlidir. Kişiyə yaraşan xüsusiyyətlər məsuliyyət, möhkəmlik və mübarizlikdir. Emosional inciklik münasibəti zəiflədir.

0