Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsində məskunlaşan Əliyevlər ailəsi 35 illik ayrılıqdan sonra doğma yurdlarına qayıdıb.
Baku TV-nin əməkdaşları Əliyevlər ailəsinin qonağı olaraq onların təəssüratlarını öyrənib.
Doğma yurda qayıtmağın sevincini yaşayan Rasim Əliyev illərdir bu arzu ilə yaşadıqlarını bildirib:
“İnsan həm ağlayır, həm də sevinir. Ağlayır, çünki burada uşaqlıq, gənclik xatirələrinin izini tapa bilmir, sevinir, çünki öz doğma torpağına qayıdıb. Ən böyük xəyalım böyüdüyüm evi yenidən görmək idi, şükür ki, arzuma çatdım”.
Kəlbəcər sakini Gözəl Əliyeva isə qeyd edib ki, Kəlbəcərə qayıtsa qurban kəsəcəyi haqda nəzir deyibmiş: “Oğluma dedim ki, Kəlbəcərə qayıtsam, qurban kəsəcəyəm. Allaha şükür ki, gəldim və qurbanımı kəsdim”.