İqlim dəyişikliyi təhlükəli xəstəliklərin yayılmasına təsir göstərir. Aparılan araşdırmalar ekstremal hava hadisələrinin, xüsusən də isti hava və daşqınların denqe qızdırması üçün əlverişli şərait yaratdığını göstərir.
Denqe qızdırması artıq tropik xəstəlik olmaqdan çıxıb. İsti iqlim və tez-tez yağan yağışlar ağcaqanadların yayılması üçün ideal şərait yaradır. 2023-cü ildə Perunun şimal-qərbində baş verən siklon zamanı güclü yağışlar və daşqınlar denqe epidemiyasına səbəb olub. Yoluxma hallarının 60%-i birbaşa həddindən artıq yağıntı və yüksək temperaturla əlaqəli olub. Bu, təxminən 22.000 əlavə yoluxma halı deməkdir.
Güclü yağışlar ağcaqanadların çoxaldığı durğun su hövzələri yaradır. Yüksək temperatur isə onların həyat dövrünü sürətləndirir. İqlimoloqlar Peruda həddindən artıq yağıntıların sənayeləşmədən əvvəlki dövrə nisbətən 31% daha çox baş verdiyini müəyyən ediblər. Temperaturun yüksəlməsi ilə denqe epidemiyası riski 3 dəfə artıb.
Araşdırmalar göstərir ki, iqlim dəyişikliyi insan sağlamlığına artıq təsir edir. Epidemiyaların qarşısını almaq üçün riskli ərazilərdə ağcaqanadlara qarşı mübarizə aparılmalı, peyvəndlər tətbiq olunmalı və fırtınaların təsirini azaldan infrastruktura sərmayə qoyulmalıdır.