Diş əti qanaması çox zaman əhəmiyyətsiz görünsə də, bəzi ciddi xəstəliklərin ilk əlaməti ola bilər. Türkiyəli ağız, diş və çənə cərrahı Ümit Selçuk bu barədə xəbərdarlıq edib.
Diş əti xəstəlikləri zamanında aşkarlanmazsa, diş itkisinə gətirib çıxara bilər. Diş fırçalayarkən və ya öz-özünə baş verən qanamalar normal hal deyil. Bu, iltihabın göstəricisidir və vaxtında tədbir görülməsə, sümük və diş itkisi qaçılmaz ola bilər.
Ağız sağlamlığı ümumi sağlamlıqla sıx bağlıdır. Şəkərli diabet xəstələrində diş əti problemləri daha sürətlə inkişaf edir. Periodontal xəstəliklər diabet, ürək-damar və tənəffüs yolları xəstəlikləri ilə əlaqəlidir.
Ağız boşluğundakı xroniki infeksiyalar orqanizmdə iltihabı artıraraq ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Ağız sağlamlığına laqeyd yanaşmayın!
Gündə ən azı iki dəfə düzgün texnika ilə dişləri fırçalayın, diş ipindən istifadə edin və ağız baxımı qaydalarına riayət edin. İldə ən azı iki dəfə diş həkiminə müraciət etmək xəstəliklərin erkən aşkarlanmasına və ciddi problemlərin qarşısının alınmasına kömək edir.