Nazirlər Kabinetinin hesabatı açıqlanıb.
Ötən il ərzində vətəndaşlığı olmayan və ya vətəndaşlığı müəyyən edilməyən 64 şəxs Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə ölkə vətəndaşlığına qəbul edilib.
Hesabatda qeyd olunur ki, bu şəxslərdən 21-i vətəndaşlığı olmayan, 43-ü isə vətəndaşlığı məlum olmayan şəxslərdir.
2025-ci ildə 67 nəfər qaçqın statusu əsasında Azərbaycanda yaşayıb.
Dekabrın 31-i tarixinə Azərbaycanda qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184 419 nəfər təşkil edib (2024-cü ildə 184 835 nəfər olmuşdur).
Həmçinin, 2025-ci ildə müvəqqəti yaşamaq üçün icazə verilmiş əcnəbilərin sayı 80 036 nəfər olub ki, bu da 2024-cü illə müqayisədə 8531 nəfər çoxdur.
Bundan əlavə, 2025-ci ildə 342 393 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb (2024-cü ildə 357 204), 1594 nəfərin müvəqqəti olma müddəti uzadılıb (2024-cü ildə 2471), 3436 nəfərə daimi yaşamaq üçün icazə verilib və ya müddəti uzadılıb (2024-cü ildə 3016), 9945 nəfərə iş icazəsi verilib və ya müddəti uzadılıb (2024-cü ildə 10 868).