Nazirlər Kabinetinin hesabatında yeni universitetin yaradılması təklif edilir. Təklifə əsasən, Qaradağ rayonunun Ələt qəsəbəsində Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisaslar üzrə müasir ali təhsil müəssisəsi yaradıla bilər. Ələt qəsəbəsinin nəqliyyat qovşağında yerləşməsi bu təhsil müəssisəsinin açılması üçün əlverişli şərait yaradır.
Niyə məhz Ələt?
Bildirilir ki, Bakı şəhərində və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu, şəhərin nəqliyyat və kommunal infrastrukturuna əlavə yük yaradır. Buna görə də Bakıda yeni universitetlərin yaradılması məqsədəuyğun hesab edilmir. Bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi də müzakirə olunur.
Köçürülmə təhsilin keyfiyyətinə təsir edəcəkmi?
Bəs universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə necə təsir edəcək? Tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi? Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi hesab edir ki, köçürülmə təhsilin keyfiyyətini artıracaq. O xatırladıb ki, “Bakı Şəhərinin Baş Planı 2040″da bəzi universitetlərin şəhərdən kənara köçürülməsi məsələsi öz əksini tapıb.
Tələbə şəhərcikləri yaradılacaqmı?
E.Əfəndi bildirib ki, əsas məqsəd paytaxtda sıxlığı azaltmaq və tıxacların qarşısını almaqdır. Universitetlərin köçürüləcəyi ərazilər tələbə şəhərciklərinə çevrilməlidir. Kampuslarda tələbələr üçün yataqxana, əyləncə mərkəzləri, kitabxana və digər məntəqələr olmalıdır. Həmçinin tələbələrin təcrübə keçməsi və iş imkanları üçün də müvafiq infrastruktur qurulmalıdır. Onun sözlərinə görə, bu, təhsilverənlərin və tələbələrin akademik göstəricilərini yüksəldəcək.
Tələbələr yalnız tələbələri görəcək?
Mütəxəssis qeyd edib ki, bir neçə universitet mərkəzləşdirilə bilər. Belə olan halda tələbələr kənar şəxslərlə qarşılaşmayacaqlar. Sosial mühit onların akademik göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Eyni vaxtda kitabxanaya, idman zalına və digər yerlərə gedə biləcəklər. Bu, təhsilin keyfiyyətinin artmasına kömək edəcək. Düşünürəm ki, tələbə kontingenti çox olan və mərkəzdə yerləşən universitetlər kənara köçürüləcək.