XIII Qlobal Bakı Forumu dünya siyasətindəki sürətli dəyişikliklər fonunda qlobal çağırışların müzakirəsi üçün mühüm platformadır. Bu barədə deputat Şahin Seyidzadə bildirib.
Forumda müxtəlif ölkələrdən olan siyasətçilər, dövlət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək beynəlxalq münasibətlərdəki dəyişiklikləri müzakirə edirlər. Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək təhlükəsizlik, sülh və iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin, beynəlxalq sistemdəki proseslərin dövlətlər qarşısında yeni çağırışlar yaratdığını və bu çağırışlara cavab vermək üçün sıx əməkdaşlığın vacibliyini qeyd edib.
Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunu və strateji baxışını əks etdirir. Onun sözlərinə görə, dünya yeni geosiyasi və iqtisadi reallıqların formalaşdığı bir dövrdədir. Regional münaqişələrin artması və yeni təhlükəsizlik risklərinin yaranması qlobal siyasi mühitin mürəkkəbləşməsinə səbəb olub. Belə bir şəraitdə dövlətlərin əsas prioriteti təhlükəsizliyin təmin edilməsidir. Çünki təhlükəsizlik olmadan iqtisadi inkişaf və sosial rifahın davamlılığı təmin edilə bilməz.
Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsi forumda xüsusi vurğulanıb. Ölkəmiz uzun illər ərzində ərazilərinin işğalı və yüz minlərlə insanın didərgin düşməsi ilə üzləşib. Lakin, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün qətiyyətli addımlar atıb. 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi nəticəsində işğal altında olan ərazilər azad edilib və regionda yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan əvvəlcə güc tətbiq etməklə işğala son qoyub, daha sonra isə sülh gündəliyi ilə çıxış edib. Bu yanaşma müasir beynəlxalq münasibətlər tarixində nadir nümunələrdən biridir.
Prezident İlham Əliyev həmçinin, enerji təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu qeyd edib. Azərbaycan zəngin enerji resurslarına malik ölkə kimi qlobal enerji bazarında mühüm rol oynayır. Ölkə neft və qaz ehtiyatlarının səmərəli şəkildə istifadəsi və onların beynəlxalq bazarlara çatdırılması istiqamətində uğurlu siyasət həyata keçirir. Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri Avrasiya məkanında iqtisadi inteqrasiyanın genişlənməsinə mühüm töhfə verir.