Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşdırılması istiqamətində İran və digər ölkələrlə diplomatik səylərini davam etdirir.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi məlumat verib. XİN nümayəndəsi bildirib ki, Cənubi Koreya hökuməti Yaxın Şərqdəki hadisələri yaxından izləyir və vətəndaşlarının təhlükəsizliyini, eləcə də enerji təchizatı yollarının qorunmasını təmin etmək üçün çalışır.
Bundan əvvəl İran Xarici İşlər Naziri Abbas Əraqçi Tokionun müvafiq məsləhətləşmələrindən sonra Yaponiyaya gedən gəmilərin əsas neft marşrutundan keçməsinə icazə verməyə hazır olduğunu bildirmişdi.
Seul Fars körfəzində baş verən hadisələrlə bağlı Avropa ölkələri və Yaponiya da daxil olmaqla bir sıra dövlətlərin birgə bəyanatına qoşulub. Bəyanatda İranın hücumları pislənilir və Hörmüz boğazının təhlükəsizliyinə çağırış edilir.