Azərbaycan-avropa İttifaqı əməkdaşlığı: Yeni Mərhələ Və Genişlənən Perspektivlər

News Image

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Azərbaycan müstəqillik illərində beynəlxalq təşkilatlarla əlaqələrdə daim səmimi və təşəbbüskar mövqe nümayiş etdirib. BMT Təhlükəsizlik Şurasında və Qoşulmama Hərəkatında ölkəmizin fəaliyyəti buna sübutdur. Lakin bəzən bu təşkilatlarda Azərbaycana qarşı ikili standartlar müşahidə olunur.

Avropa İttifaqı ilə də kifayət qədər uzun əlaqələr tariximiz var. Mart ayında Aİ Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri münasibətlərin inkişafında yeni mərhələ oldu. Prezident İlham Əliyevlə Antonio Koşta arasında aparılan danışıqlar, təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın genişlənəcəyini göstərir. Azərbaycan və Aİ arasında münasibətlər strateji enerji və nəqliyyat tərəfdaşlığı səviyyəsinə yüksəlib.

A.Koştanın səfəri Aİ çərçivəsində ilk yüksək səviyyəli səfər deyil. Diplomatik münasibətlərin əsası 1993-cü ildə qoyulub. Azərbaycan Aİ ilə münasibətlərdə bərabərhüquqlu və strateji tərəfdaşlıq modelinə üstünlük verir. Rəsmi Bakı Aİ-yə üzv olmağı hədəfləməsə də, iqtisadi və texnoloji sahələrdə inteqrasiyada maraqlıdır. Hazırda Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır.

Son hadisələr Azərbaycan və Aİ arasındakı münasibətlərin strateji dövrə qədəm qoymasını şərtləndirib. A.Koştanın Bakı səfəri bu əlaqələrin geniş geosiyasi əhəmiyyət kəsb etdiyini sübut etdi. Prezident İlham Əliyevin sözləri ilə desək, enerji əməkdaşlığı tərəfdaşlığımızın mühüm hissəsidir. Hazırda Aİ-nin 10 üzvü Azərbaycandan qaz alır. Ölkəmizin qaz ixrac etdiyi ölkələrin sayının 16-ya çatdığını nəzərə alsaq, Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu artır.

Birgə mətbuat bəyanatında Azərbaycanın regional daşımalarda, Orta Dəhliz vasitəsilə əlaqələrin gücləndirilməsində rolu vurğulanıb. A.Koşta CQD-nin genişləndirilməsi və ixrac həcminin artırılmasının vacibliyini qeyd edib. Aİ-nin “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını gücləndirmək üçün İşçi Qrupunun yaradılması qurumun ölkəmizə əhəmiyyət verdiyini göstərir.

Azərbaycanın “yaşıl enerji” mərhələsinə keçməsi qitənin enerji təhlükəsizliyindəki yerini möhkəmləndirəcək. Xəzər dənizindən Qara dəniz vasitəsilə Avropaya çəkiləcək “yaşıl enerji” kabeli layihəsi strateji prioritetdir.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh prosesinə sadiqliyini bildirib. Ticarətə başlanılıb, Ermənistana neft məhsulları təchiz edilir, yüklərin tranzitinə məhdudiyyətlər aradan qaldırılıb. Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri göstərdi ki, Aİ-nin icraedici orqanları Azərbaycanı regionun ən stabil və strateji tərəfdaşı kimi görürlər.