Avropa Şurası Jurnalistlərin Müdafiəsi Platformasının 2025-ci il üzrə hesabatında Azərbaycan mediası ilə bağlı qərəzli fikirlər yer alıb. Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayaraq, hesabatda “Media haqqında” qanuna edilən dəyişikliklərin spekulyativ olduğunu bildirib.
MEDİA qeyd edir ki, qanuna dəyişikliklər media ictimaiyyətinin təklifləri əsasında hazırlanıb. Məqsəd informasiya mühitinin qorunması, media brendinin möhkəmləndirilməsi və jurnalist nüfuzunun artırılmasıdır. Həmçinin, çap mediası subyektlərinə dair fikirlərin yanlış olduğu vurğulanıb. Dəyişikliklər ictimai əxlaqa zidd ifadələrin istifadəsinin qarşısını alır.
Azərbaycanda jurnalistlərə heç bir məhdudiyyət yoxdur və ifadə azadlığı tam təmin edilib. Bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Agentlik, hesabatda adı keçən şəxslərin ittihamlarının peşə fəaliyyəti ilə əlaqəli olmadığını bildirib. Media subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi tələbi bütün media qurumlarına aiddir və texniki xarakter daşıyır. İnformasiya agentliklərinə dair tələblər mövcud praktika əsasında formalaşdırılıb. Azərbaycanla bağlı hesabatlarda rəsmi mövqenin nəzərə alınmaması təəssüf doğurur.