İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailə qarşı müharibə strategiyası ilə bağlı açıqlama verib. O, bu müharibənin İrana zorla qəbul etdirildiyini bildirib.
“Bu bizim müharibəmiz deyil, bizə zorla qəbul etdirilmiş müharibədir”, – deyə Əraqçi MSNBC-yə müsahibəsində vurğulayıb. Nazir əlavə edib ki, İran bu müharibəni başlatmayıb və özünü müdafiə etməyə davam edəcək.
“Biz sadəcə özümüzü müdafiə edirik və bu müharibə bir daha təkrarlanmayacaq şəkildə sona çatana qədər özümüzü müdafiə etməyə davam edəcəyik”, – deyə Əraqçi qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar nəticəsində İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. Bundan sonra İran İsrail, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirməyə başlayıb.