12+

Anfaal surəsi

Ayə 1
1. (Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) mö’minsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin!
Ayə 2
2. Mö’minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.
Ayə 3
3. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.
Ayə 4
4. Onlar həqiqi mö’minlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
Ayə 5
5. (Qənimətlərin bölüşdürülməsi üsulundan bə’zilərinin narazı qalması) mö’minlərdən bir dəstənin (Bədr vuruşuna getmək) xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq (cihad) uğrunda öz evindən çıxartmasına bənzər! (Bə’zi mö’minlər müsəlmanların sayca az, qüvvətcə zəif olduqları üçün Bədr müharibəsinə getməyi Peyğəmbər əleyhissəlama məsləhət görməmiş, özləri də orada iştirak etmək istəməmişdilər. Lakin Peyğəmbər onların sözünə baxmayıb yaxın əshabələri ilə vuruşa yollanmış və düşməni məğlub edərək xeyli qənimət əldə etmişdi. Qənimətin bölünməsi haqqında cürbəcür təkliflər irəli sürülmüş, nəhayət Peyğəmbər bu barədə öz fikrini demişdi. Bu fikir əvvəlcə bə’zilərinin xoşuna gəlməmiş, sonra onun düzgünlüyü başa düşülüb hamılıqla qəbul edilmişdi. Beləliklə, hər iki halda – həm müharibəyə getməkdə, həm də qənimətlərin bölünməsi üsulunda Peyğəmbər əleyhissəlamın haqlı olduğu sübuta yetmişdi).
Ayə 6
6. Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq (Bədr vuruşunun vacib olması) bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər.
Ayə 7
7. O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını və’d edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.
Ayə 8
8. (Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi.
Ayə 9
9. O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu.
Ayə 10
10. Allah bu köməyi sizə yalnız sizin üçün bir müşdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
Ayə 11
11. O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı.
Ayə 12
12. (Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Mö’minlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”
MobTop.az