Teatr Sənəti Böhran Həddində: Xəyalə Rəisdən şok Açıqlamalar

News Image
News Image
thumb
thumb

Səhnədə işıqlar yanır, pərdə açılır… Tamaşa başlayır və hər bir səhnə cəmiyyətin düşüncəsini, hisslərini, həyat hekayələrini əks etdirən bir güzgüyə çevrilir. Azərbaycanda Milli Teatr Günü qeyd olunur. Bu gün peşəkar milli teatrın əsasının qoyulduğu tarixdir. Bəs, hazırda milli teatrın vəziyyəti necədir?

Jurnalist, teatrşünas Xəyalə Rəis teatrın 153 illik tarixi ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, teatr cəmiyyətin aynasıdır və son illərdə bəzi teatrlarda yaradıcılıq mühiti sağlam rəqabətdən uzaqlaşıb, şəxsi nüfuz mübarizəsinə çevrilib. X.Rəis qeyd edib ki, teatrın əsas məqsədi sənəti inkişaf etdirmək və istedadlı aktyorların potensialını üzə çıxarmaqdır.

“Teatr kollektiv sənətdir” – deyən Xəyalə Rəis, baş rejissorların və rəhbər şəxslərin özlərini teatrın sahibi kimi aparmasının mühitə mənfi təsir göstərdiyini vurğulayıb. Onun fikrincə, belə bir atmosferdə sağlam fikir mübadiləsi və yaradıcı azadlıq zəifləyir, nəticədə istedadlı aktyorlar teatrdan uzaqlaşmağa məcbur qalırlar.

O, həmçinin, uzun illər səhnəyə xidmət etmiş sənətkarların narazılığının diqqət çəkdiyini bildirib. Aktrisa Mehriban Xanlarovanın fikirləri teatr mühitindəki narahatlıqların nə qədər dərin olduğunu göstərir. X.Rəis hesab edir ki, Mədəniyyət Nazirliyi teatrların fəaliyyətinə daha həssas yanaşmalı, yaradıcı mühitin qorunması üçün sistemli addımlar atmalıdır.

“Teatrın gələcəyi yalnız binanın və ya repertuarın mövcudluğu ilə müəyyən olunmur” – deyən teatrşünas, əsas məsələnin yaradıcı azadlıq, ədalətli münasibət və sənətə hörmət olduğunu bildirib. O, indiki vəziyyətdə teatrın durumunun “Allahın ümidinə qaldığını” deyərək fikrini yekunlaşdırıb.