Novruz bayramı münasibətilə Bakıda möhtəşəm şənlik təşkil olunub. Bayram tədbiri şəhər sakinlərinin və qonaqların böyük marağına səbəb olub.
“Gənclik” metrosu yaxınlığında yerləşən yeni istirahət parkında “Ruhumuza bahar gəlir” adlı şənlik keçirilib. Tədbir Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən təşkil edilib. Şənlikdə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edib.
Park xüsusi bayram dekorasiyaları ilə bəzədilib, xalq sənəti nümunələri nümayiş etdirilib. Milli geyimli atlılar, dəvələr, ponilər, Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar və pəhləvanlar tədbirə rəng qatıb.
Mərkəzi səhnədə tanınmış incəsənət xadimləri və rəqs qrupları çıxış edib. Kəndirbazlar öz məharətlərini göstərib, idman meydançasında zorxana, güləş və gimnastika nümayiş olunub.
Çadırlarda müxtəlif sənət sahələri üzrə ustad dərsləri keçirilib, iştirakçılara paxlava və çay təqdim olunub. Kosa, Keçəl və Bahar qızı toplaşanları əyləndirib, tonqal ətrafında rəqs ediblər. Bayram tədbiri gün ərzində davam edib və iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.