Uşaqlar arasında internet oyun asılılığı ciddi narahatlıq doğurur. Bir sıra ölkələr artıq 16 yaşa qədər uşaqların internetdən istifadəsinə məhdudiyyətlər tətbiq edir. Bəs, Azərbaycanda vəziyyət necədir? Bəzi internet oyunlarına qadağa qoyulması təklifləri var.
Deputat Ceyhun Məmmədovun fikrincə, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri artmaqdadır. O, bir sıra oyunlara ölkədə sərbəst çıxışın qarşısının alınmasının vacibliyini vurğulayır. Ekspertlər də bu fikirlə razılaşır, əks halda xoşagəlməz halların artacağını proqnozlaşdırırlar.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edir ki, internet oyunları uşaqların psixologiyasına, davranışına və həyat tərzinə birbaşa təsir edir. O, bir çox ölkədə bu məsələ ilə bağlı ciddi addımlar atıldığını, lakin qadağanın yeganə çıxış yolu olmadığını bildirir. Balanslı nəzarət, maarifləndirmə və alternativlər təklif etmək daha məqsədəuyğundur.
İT mühəndisi Bəhruz Əliyev hesab edir ki, qadağalar müəyyən qədər faydalı olsa da, uşaqlar VPN və digər üsullarla bu qadağaları aşa bilərlər. O, yaş təsdiqi, vaxt limiti və valideyn nəzarətinin birgə tətbiqinin daha effektiv olduğunu düşünür.
Psixoloq Nigar Məmmədova valideynləri övladlarına nəzarəti gücləndirməyə çağırır. O, uşaqların boş vaxtlarını faydalı fəaliyyətlərlə doldurmağın, məktəbdənkənar tədbirlər təşkil etməyin vacibliyini vurğulayır. Problemin həlli üçün ailə, məktəb və cəmiyyət birgə çalışmalıdır.