Məşhur plastik cərrah Ülviyyə Ağazadə, “Azer Türk Med” klinikasında etdiyi əməliyyat nəticəsində sağlamlığına zərər dəyən xəstəsinə 31.718 manat təzminat ödəməyə məhkum edilib. Məhkəmə bu barədə qərar qəbul edib.
Məlumata görə, Ülviyyə Ağazadənin əməliyyatından sonra xəstənin vəziyyəti pisləşib və o, başqa bir özəl xəstəxanaya köçürülüb. Həmin xəstəxanada müalicə üçün 27.000 manat xərc çəkilib.
İş materiallarında qeyd olunur ki, xəstə üzərində aparılan abdominoplastika, bel, omba və qasıq nahiyələrinin liposaksiyası əməliyyatları düzgün aparılmayıb. Sənədlərdə əməliyyat zamanı yumşaq toxumaların zədələndiyi, nəticədə xəstənin vəziyyətinin ağırlaşdığı, hemorragik şok, böyrək və qaraciyər zədələnmələri, anemiya, pnevmoniya və sepsis kimi ağırlaşmaların yarandığı bildirilir. Göstərilən tibbi xidmət Səhiyyə Nazirliyinin təlimatlarının pozulması kimi qiymətləndirilib.
Qeyd edək ki, Ülviyyə Ağazadə də qarşılıqlı iddia qaldıraraq, pasiyentin KİV-dəki açıqlamaları ilə onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib və 3000 manat təzminat tələb edib. Lakin məhkəmə onun tələbini rədd edib.