İstanbulun Fatih rayonunda azyaşlıya qarşı zorakılıq hadisəsi ilə bağlı yeni görüntülər ortaya çıxıb. Bir qrup uşaq digər azyaşlının əllərini, ayaqlarını və ağzını skotçla bağlayaraq onu döyüb və həmin anları telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb.
Hadisənin yayılmasından sonra polis əməkdaşları araşdırmalara başlayıb və görüntülər əsasında 7 uşaq saxlanılıb. Məlumata görə, şübhəlilər hadisədən əvvəl marketdən skotç alarkən təhlükəsizlik kameralarına düşüblər. Kadrlarda satıcının “Bu qədər skotçu nə edəcəksiniz?” sualına uşaqlardan birinin “Dostumuzun ad günüdür, qeyd edəcəyik” cavabını verdiyi əks olunub.
Şübhəlilərin üzərində aparılan axtarış zamanı onlardan birində müəyyən miqdarda narkotik vasitə də aşkarlanıb. Faktla bağlı “şəxsi azadlıqdan məhrum etmə”, “qəsdən xəsarət yetirmə” və “şəxsi həyatın toxunulmazlığını pozma” maddələri ilə cinayət işi başlanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.