Politoloq Azər Qasımlıya ağır hökm oxundu
Siyasi Menecment İnstitutunun direktoru, tanınmış politoloq Azər Qasımlının məhkəmə prosesi başa çatdı. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Azər Qasımlıya 12 il həbs cəzası verildi.
Məhkəmə prosesinə hakim Telman Hüseynov sədrlik edib. Prokurorluq tərəfindən Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunmuşdu.
İttihamın detalları: Azər Qasımlı Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur. O, kriptovalyuta oyunlarında qeydiyyatdan keçərək Q.Yusifovu da qazanc əldə etmək üçün sistemə daxil edib. Gəlirlər azaldıqdan sonra isə Q.Yusifovu günahlandıraraq ondan 45 min ABŞ dolları tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə, onu və ailə üzvlərini öldürəcəyi, uşağını isə oğurlayacağı ilə hədələyib.
Bundan əlavə, Azər Qasımlı Qurbanəli Yusifovu 10 min dollar borcu olması barədə saxta sənədə imza atmağa məcbur edib. O, həmçinin zərərçəkmişin azyaşlı övladının oxuduğu məktəbin yerini bilməklə onu hədələyib və bu yolla 6800 manat pul əldə edib.
Azər Qasımlı 8 dekabr 2024-cü ildə həbs olunub və Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham olunur.