Misirdə yanacaq böhranı dərinləşir. Ölkə hökuməti əsas dövlət layihələrinin icrasını ən azı iki ay müddətinə təxirə salmaq məcburiyyətində qalıb. Bütün dövlət nəqliyyat vasitələri üçün yanacaq limitləri 30% azaldılıb. Baş nazir Mustafa Madbuli bu barədə açıqlama verib.
Müharibənin iqtisadi təsirlərini azaltmaq məqsədilə dövlət və özəl sektorlar aprel ayında bazar günləri distant işləyəcək. Xidmət və istehsal sahələri istisna təşkil edir. Vəziyyət davam edərsə, bu tədbir daha da sərtləşdirilə bilər.
Enerji qiymətlərinin artması Misir iqtisadiyyatına ciddi təzyiq göstərir. Hökumət yanacaq qiymətlərini və ictimai nəqliyyat xərclərini artırmaq məcburiyyətində qalıb. Baş nazir bu tədbirlərin müvəqqəti olduğunu vurğulayıb. Hökumət vətəndaşları dəstəkləmək üçün minimum əmək haqqının artırılmasını və sosial xərclərin artırılmasını planlaşdırır.