Azərbaycan hökuməti sosial sahəyə ayırdığı vəsaiti artırır. Baş nazir Əli Əsədov Milli Məclisdəki çıxışında 2025-ci il dövlət büdcəsində sosialyönümlü xərclərin 15,3 milyard manata çatacağını bildirib. Bu, ümumi büdcə xərclərinin 39,5%-ni təşkil edir.
Bu göstərici 2024-cü illə müqayisədə 601,5 milyon manat və ya 4,1% çoxdur. Baş nazir son yeddi ildə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketinin həyata keçirildiyini və bu məqsədlərə 8 milyard manat vəsait sərf olunduğunu vurğulayıb. Keçən il isə bu məqsədlər üçün 1,4 milyard manat xərclənib.
Əli Əsədov maaşların, pensiyaların və müavinətlərin müntəzəm olaraq artırıldığını və pensiyaların indeksləşdirildiyini də qeyd edib. Hökumətin bu addımı əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib.