Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı
Azərbaycan bu ilin əvvəlindən yumurta ixracını dayandırıb. Yerli istehsal bütünlüklə daxili tələbatın ödənilməsinə yönəldilib.
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, ixracdakı fasilə müvəqqətidir. ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb və may ayından yumurta göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır.
M.Həsənli qeyd edib ki, Assosiasiya yeni ixrac bazarlarının tapılmasına və ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə də məhsul ixrac etmək istərdik, lakin həmin ölkələrdə quşçuluq müəssisələri dövlət dəstəyi ilə təmin olunub və proteksionist siyasət yürüdülür.
Ötən il Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edib və bunun hesabına təxminən 11 milyon ABŞ dolları gəlir əldə edib. 2023-cü ildə ölkədə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2022-ci illə müqayisədə 1,8% çoxdur. Ötən il 12 milyon 686,8 min ədəd damazlıq və 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23% artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10,6 milyon ABŞ dolları valyuta daxil olub.
Ötən il ölkənin yumurta ixrac coğrafiyası genişlənib. BƏƏ, Qətər, ABŞ, İraqla yanaşı, Qambiya, Əfqanıstan, Syerra-Leone və Almaniyaya da ixrac qeydə alınıb.