“Çelsi” Enzo Fernandesin transferindən böyük gəlir əldə etməyi planlaşdırır. Klub, argentinalı yarımmüdafiəçi üçün 2023-cü ildə ödədiyi 120 milyon avronu geri almaq üçün onu “Real Madrid”ə satmağı düşünür.
Məlumata görə, “Real Madrid” bu transfer üçün ciddi maraq göstərir və bu məbləği ödəməyə hazırdır. Lakin, transferin baş tutması üçün “Kral klubu” heyətindən bir neçə oyunçunu satmalı olacaq.
Əgər transfer reallaşarsa, Fernandesin keçmiş klubu “River Pleyt” təxminən 5 milyon avro qazanc əldə edəcək.
Nə üçün Fernandes İngiltərəni tərk etmək istəyir?
Məlumata görə, futbolçunun İngiltərədən ayrılmaq istəyinin əsas səbəblərindən biri ölkədəki hava şəraiti və günəşli günlərin az olmasıdır. Argentinalı futbolçu daha isti iqlimə üstünlük verir.
Qeyd edək ki, Enzo Fernandes bu mövsüm bütün turnirlərdə 46 oyunda iştirak edib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin yayına qədər davam edir.