Braziliya futbolunda sensasiyalı hadisə yaşanıb. “Kruzeyro” və “Atletiko-MG” komandaları arasında keçirilən matçda görünməmiş kütləvi dava baş verib.
Oyunun ilk hissəsinin son dəqiqələrində başlayan mübahisə, qısa zamanda meydanda əsl savaş səhnəsinə çevrilib. Əsas mübahisə “Atletiko-MG”nin qapıçısı Everson ilə “Kruzeyro”nun yarımmüdafiəçisi Kriştian arasında baş verən epizoddan sonra alovlanıb. Hər iki komandanın oyunçuları, ehtiyat heyətləri və məşqçilər meydanda bir-birinə əl-qol atıb, yumruq və təpiklərlə hücum ediblər.
Hakim bu insidentdən sonra heç kimin gözləmədiyi bir qərar qəbul edərək, 12-si “Kruzeyro”, 11-i isə “Atletiko-MG” futbolçusuna olmaqla, ümumilikdə 23 qırmızı vərəqə göstərib. Bu, Braziliya futbol tarixində bir oyunda göstərilən ən çox qırmızı vərəqə sayı kimi rekord qırıb.
Qarşılaşma təxminən 10 dəqiqə dayandırılıb. Stadionda vəziyyəti nəzarətə almaq üçün təhlükəsizlik qüvvələri müdaxilə etməli olub. Dava nəticəsində bəzi futbolçular xəsarət alıb, qapıçı Eversonun isə başı yarıldığı üçün meydanı tərk etdiyi bildirilir.
Matçın nəticəsinə gəlincə, “Kruzeyro” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.