Xaçmazda “elmin” şadlıq Sarayının Fəaliyyəti Dayandırıldı – Təhlükə Aşkarlandı

News Image

Xaçmaz şəhərində yerləşən daha bir şadlıq sarayının fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Elmin” şadlıq sarayında yoxlama keçirilib.

Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib. Bu nöqsanların insan həyatı, sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa təhlükə yaratdığı müəyyən olunub.

Aşkar edilən nöqsanlar:

  • Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb.
  • Elektrik təsərrüfatı müvafiq qaydalara uyğun quraşdırılmayıb, nasaz avadanlıqlardan istifadə olunur.
  • Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib.
  • Yanğın zamanı insanların təxliyəsi üçün plan tərtib olunmayıb.
  • Obyektdə sıxılmış propan qaz balonundan istifadə olunur.
  • Taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb.
  • Obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edildiyi üçün “Elmin” şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.