Türkiyənin Sivas şəhərində endirimli geyim mağazasının açılışı zamanı dəhşətli izdiham yaşanıb. Ucuz məhsul almaq istəyən vətəndaşlar səhər saatlarından mağaza önündə uzun növbələr düzüblər. Mağazanın qapıları açılan kimi içəri girmək istəyən insanlar bir-birini itələyərək mağazaya soxulmağa çalışıblar. Yaranan sıxlıq nəticəsində bəzi insanlar əzilmə təhlükəsi ilə üzləşiblər.
İzdiham zamanı insanların ayaqqabıları ayaqlarından çıxıb. Alış-veriş etmək istəyən insanların bir-biri ilə mübarizəsi mobil telefon kameralarına düşüb və sosial mediada yayılıb.
Mağaza nümayəndəsi Turan Karacagil bildirib ki, açılışda gözləniləndən daha böyük izdiham olub. Onun sözlərinə görə, təxminən minə yaxın müştəri gəlib və qapılar açılan kimi sıxlıq yaranıb. Bəzi müştərilər əzilib, ayaqqabılarını itirənlər olub. Bəziləri isə itirdikləri ayaqqabıları bir saat sonra tapıblar.