Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Qəbələ rayonu ərazisində, Duruca şəlaləsinin yaxınlığındakı dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri həmin əraziyə göndərilib.
Hadisə yerində xilasedicilər tərəfindən aparılan araşdırma zamanı 50 yaşlı İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər Rövşən İbrahimova yerindəcə ilkin tibbi yardım göstərib. Daha sonra onu çətin keçilən dağlıq ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.