Edirne şəhərində baş verən ürək parçalayan hadisə insanlıq dəyərlərinin itirilməsi ilə bağlı ciddi suallar doğurur. Şükrüpaşa məhəlləsində iftardan sonra gəzintiyə çıxan 48 yaşlı Kəmal Kulbilgənin qəfil vəziyyəti pisləşib və yerə yıxılıb.
Şahidlərin dediklərinə görə, Kəmal Kulbilgə yerdə can verərkən, ətrafdakı insanların laqeyd münasibəti şok yaradıb. Hətta yaxınlıqdakı taksi sürücüləri belə ona yardım etmək əvəzinə, arxalarını çevirərək hadisə yerindən uzaqlaşıblar.
Yalnız bir neçə dəqiqə sonra hadisə yerinə gələn başqa bir taksi sürücüsü Kulbilgəyə ilk yardım göstərməyə çalışıb. Təəssüf ki, bu zaman artıq gec olub və onun həyatını xilas etmək mümkün olmayıb.
Bu dəhşətli hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub. İzləyicilər insanların bu cür biganə münasibətini sərt şəkildə qınayaraq, “İnsanlıq ölüb” kimi acı ifadələr işlədiblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.