Aksarayda qeydə alınan hadisə hər kəsi təəssüfləndirib. Alzheimer xəstəsi anası ilə yaşayan 53 yaşlı Rahim Ergün, gecə saatlarında evinə qayıdarkən gözləmədiyi mənzərə ilə qarşılaşıb. Anası xəstəliyi səbəbindən oğlunu tanımayıb və qapını açmaqdan imtina edib.
Saatlarla anasını inandırmağa çalışan Rahim Ergün, nəticə əldə edə bilmədikdə 112 xidmətinə zəng edib. Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Polislər qadını razı salmağa çalışsalar da, müvəffəq olmayıblar.
Yanğınsöndürənlər nərdivan vasitəsilə ikinci mərtəbəyə qalxaraq pəncərədən mənzilə daxil olublar. Rahim Ergün də eyni yolla içəri girib, lakin anası onu yenə tanımayıb və evdən qovub. Polislərin səyi nəticəsində qadın sakitləşdirilib və oğlunu tanıyıb. Yaşananlar telefonla qeydə alınıb.