Cənubi Britaniya sahillərində sensasiya!
Dəniz arxeoloqları təxminən 400 il əvvəl batmış Holland ticarət gəmisi “Feym”in qalıqlarını tapıblar. Gəminin bəzi hissələri əvvəllər aşkar edilsə də, gövdəsi uzun müddət itkin düşmüşdü. Son fırtına gəminin əsas parçalarını sahilə çıxararaq İngiltərənin dəniz tarixinin ən əhəmiyyətli gəmi qəzalarından birinin sirrini açdı.
“Feym”in faciəli səyahəti
1631-ci ildə Karib hövzəsindən Avropaya duz daşıyan gəmi, Cənubi Britaniya sahillərindəki Suoş kanalında qum ləkəsinə ilişərək batıb. Bornmut Universitetinin dəniz arxeoloqu Tom Kazinsin sözlərinə görə, gəmi parçalanıb və 45 ekipaj üzvü gəmini tərk etməyə məcbur olub. “Feym” talan edildikdən sonra batıb və son dayanacağı uzun əsrlər boyu sirr olaraq qalıb.
Təbiətin töhfəsi
Güclü fırtına nəticəsində batmış gəminin itmiş hissəsi üzə çıxıb. Studlend çimərliyində tapılan qalıqların uzunluğu təxminən 6 metr, eni isə 2 metrdir. Taxta parçalar taxta mixlərlə birləşdirilib və xarici lövhələri əla vəziyyətdə qorunub.
“Əsl xəzinə”
Arxeoloq Treysi Çerçer bu tapıntını tarixçilər və arxeoloqlar üçün “əsl xəzinə” adlandırıb. O, gövdənin yaxşı qorunmuş vəziyyətinin heyrətamiz olduğunu vurğulayıb: “Taxta mixlər hələ də yerindədir və 400 il ərzində dayanıb – bu, həmin dövrün ustalığının əsl sübutudur”.
Nadir tapıntı
“İngiltərə tarixi” təşkilatının dəniz arxeoloqu Hefin Mira qeyd edib ki, “Feym” qalıqları 1700-cü ildən əvvəl baş vermiş nadir gəmi qəzalarına aid eksklüziv qrupdadır.
Gələcək araşdırmalar
Tapılmış gövdə diqqətlə öyrəniləcək və qorunacaq. Arxeoloqlar taxtaların haradan və nə zaman əldə olunduğunu müəyyənləşdirmək üçün tədqiqatlar aparacaqlar. Bu, yeni aşkar edilmiş qalıqların həqiqətən batmış “Feym” gəmisinə aid olub-olmadığını təsdiqləməyə kömək edəcək.