Yer Kürəsinin Sirri Açıldı: Planetimizin əsl Yaşı Məlum Oldu!

News Image

Yer kürəsinin yaşı: Alimlər yeni kəşflər edib

Yer planetinin həqiqi yaşı uzun müddətdir ki, elm adamları arasında müzakirə mövzusu olub. İndi isə tədqiqatçılar bu suala daha dəqiq cavab tapmağa çox yaxındırlar.

Amerika Kimya Cəmiyyətinin (ACS) jurnalında dərc olunan yeni araşdırmada geoxronologiyada – Yer kürəsinin yaşını radioaktiv parçalanma vasitəsilə müəyyən edən elm sahəsində – “sirkon” mineralının rolu izah edilir.

Sirkon kristalları planetin yaşını müəyyən etməyə kömək edir

Alimlər qədim sirkon kristallarda uranın parçalanma prosesini araşdıraraq Yer planetinin real yaşının təxminən 4,54 milyard il olduğu qənaətinə gəliblər.

Geoloq Rudi Molinekin sözlərinə görə, bu proses radioaktiv parçalanma ilə bağlıdır: “Alimlərin ana izotop adlandırdığı uran radioaktiv şəkildə parçalanaraq qurğuşuna çevrilir. Bu proses zamanı atom nüvəsindən proton və neytronlar ayrılır. Qurğuşuna çevrildikdən sonra isə atom sabit olur və artıq radioaktiv sayılmır”.

Uran izotopları milyardlarla il ərzində tədricən qurğuşuna çevrilir və bu proses dəqiq zaman miqyası yaradır. Bu zaman miqyası süxurların və mineralların yaşını dəqiq müəyyən etməyə imkan verir.

Sirkon bu proses üçün xüsusilə faydalı mineraldır. Çünki o, uranı özündə saxlayan, lakin qurğuşunun daxil olmasına imkan verməyən xüsusi şəraitdə formalaşır. Nəticədə sirkon kristalları formalaşdıqları dövrdə mövcud olan uran izotoplarını qoruyub saxlayan bir növ “zaman kapsulu” rolunu oynayır.

Kanadada yerləşən “Akasta” qneysində tapılmış və yaşı təxminən 4,02 milyard il olan ən qədim sirkon kristalları Yer kürəsinin erkən dövrləri haqqında çox qiymətli məlumatlar təqdim edir.