BMT-dən Dünyanı Sarsıdan Xəbərdarlıq!
Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (WFP) qlobal ərzaq böhranı ilə bağlı ciddi xəbərdarlıq yayıb. İranda baş verən münaqişənin davam etməsi milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoya bilər.
Əgər münaqişə ilin ortalarına qədər davam edərsə və neftin qiyməti yüksək səviyyədə qalsa, əlavə 45 milyon insan kəskin aclıq riski ilə qarşılaşacaq. Bu halda dünyada ərzaq təhlükəsizliyindən məhrum olanların sayı 363 milyona çataraq rekord göstəriciyə yüksələcək.
Hörmüz Boğazında Nəqliyyatın Dayanması Fəlakətə Gətirir!
Martın əvvəlindən Hörmüz boğazında dəniz nəqliyyatının dayanması, təkcə neft və qaz tədarükünə deyil, həm də kənd təsərrüfatı üçün vacib olan gübrə tədarükünə ciddi zərbə vurub. Dünyada gübrə istehsalının böyük bir hissəsi bu marşrutdan keçir.
Bu vəziyyət xüsusilə Saharaaltı Afrika ölkələri üçün əkin sahələrinin boş qalması riskini yaradır. Enerji və ərzaq qiymətlərinin artması isə idxaldan asılı olan Asiya və Afrika ölkələrinə təzyiqi daha da artırır.
Aclıq Həddindəki İnsanların Sayı Artır!
WFP-nin hesablamalarına görə, gündəlik minimum kalori qəbul edə bilməyən insanların sayı sürətlə artır. Neft qiymətlərinin yüksəlməsi ərzaq qiymətlərinə təsir edərək ən böyük zərbəni Asiyaya vuracaq.
Proqnozlara əsasən, Asiyada əlavə milyonlarla insan aclıq həddinin altına düşə bilər. Şərqi və Cənubi Afrikada da vəziyyət ürəkaçan deyil.
WFP rəsmisi Karl Skau bu vəziyyəti dəhşətli ehtimal kimi qiymətləndirərək, bəşəriyyətin bu fəlakətin qarşısını almaq üçün zamanla yarışdığını vurğulayıb.