İran XİN sözçüsü: ABŞ və İsrailin hücumları nəticəsində İranda çox sayda insan həlak olub
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında ABŞ və İsrailin hücumları nəticəsində İranın müxtəlif bölgələrində çox sayda insanın həyatını itirdiyini bildirib.
Bəqai qeyd edib ki, bu qırğınlara son qoyulmalıdır və İran bu hücumlara səbir etməyəcək. O, İranın təmkinli olmasının gözlənilməsinin qeyri-real olduğunu vurğulayaraq, İslam Respublikasına qarşı hücumların dayandırılmasının vacibliyini qeyd edib.
İranın özünü müdafiə etdiyini və bütün mümkün ssenarilərə hazır olduğunu bildirən Bəqai, ölkəsinin təhlükəsizliyini qorumaq üçün hər cür addım atacağını vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və ölkənin şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər atıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib. Yaxın Şərqdə gərginləşən vəziyyətlə əlaqədar bəzi ölkələr hava məkanını müvəqqəti olaraq bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei də hücumlar nəticəsində həlak olub.