Çin eyni anda səkkiz kosmik peyki uğurla Yer orbitinə çıxarıb. Bu barədə Xinhua agentliyi məlumat yayıb. Uçuş, Pekin vaxtı ilə saat 12:12-də Jiuquan kosmodromundan həyata keçirilib.
Kuaizhou-11 daşıyıcı raketi vasitəsilə orbitə göndərilən peyklər arasında Juntian-1-04A, üç Dongpo peyki, Yuxing-3 qruplaşmasının iki peyki, Weitong-1-01 və Xiguang-1-06 yer alır.
Kuaizhou-11, Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) tərəfindən hazırlanan dördmərhələli bərk yanacaqlı raketdir. Bu raket, aşağı Yer orbitinə 1.5 tona qədər yük daşıya bilir.
Çin, milli kosmik proqramını sürətlə inkişaf etdirir. Naviqasiya, telekommunikasiya və meteoroloji peyklər də daxil olmaqla, yeni texnologiyalar yaradılır. Çin kosmik stansiyası beynəlxalq əməkdaşlıq üçün də açıqdır. 2025-ci ildə Çin 92 kosmik uçuş həyata keçirməyi planlaşdırır.