ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson İran əməliyyatı ilə bağlı gözlənilməz açıqlama verib. Luiziana ştatından olan respublikaçı Consonun sözlərinə görə, ABŞ-ın missiyası demək olar ki, tam yerinə yetirilib.
Conson “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, əsas məqsəd ballistik raketlərin və istehsal obyektlərinin məhv edilməsi, İran Hərbi Dəniz Qüvvələrinin zərərsizləşdirilməsi idi. Spiker bu vəzifələrin uğurla tamamlandığını vurğulayıb.
O, münaqişənin uzanmasının səbəbini Tehranın hələ də Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinə yaratdığı təhlükə ilə əlaqələndirib. Conson vəziyyətin sabitləşməsi ilə missiyanın tam başa çatacağını qeyd edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran ərazisinə hava zərbələri endirmiş, İran da cavab olaraq İsrailə raketlər atmışdı. İran qüvvələri ABŞ-ın Fars körfəzindəki bazalarına da hücum etmişdi. Həmin gün İranın ali dini lideri Əli Xamenei həlak olmuşdu.