Bəzi quş növlərinin həyat tərzi alimləri uzun illərdir heyrətləndirir. Freqat quşları da onlardan biridir. Bu quşlar havada uzun müddət qalma qabiliyyətinə malikdir, hətta həftələrlə yerə enmədən uça bilirlər. Alimlər onların necə dincəldiyini və yuxuya getdiyini araşdırırlar.
Məlum olub ki, freqat quşları uçuş zamanı da yata bilirlər. Bunun səbəbi onların beyninin xüsusi işləmə prinsipidir. Onlar beynin yalnız bir yarımkürəsini yuxu vəziyyətinə keçirir, digər yarımkürə isə aktiv qalır. Aktiv qalan hissə uçuşu idarə edir və istiqaməti qoruyur. Bu üsul "biryarımkürəli yuxu" adlanır.
Araşdırmalar göstərir ki, quş uçarkən bir gözünü bağlayır, digəri açıq qalır. Açıq qalan göz ətrafı izləyir və təhlükələri vaxtında görməyə imkan verir. Bu, digər quşlarla toqquşmanın və ya istiqaməti itirmənin qarşısını alır. Alimlər cihazlarla quşların beynindəki aktivliyi ölçüblər.
Nəticələr göstərib ki, freqat quşları uçuş zamanı çox qısa müddətli yuxular edirlər. Bu yuxular bir neçə saniyə davam edir. Gün ərzində ümumi yuxu müddəti 40-45 dəqiqə olur. Bu, quruda olduqları vaxtdan azdır, çünki quruda onlar bir neçə saat yata bilirlər.
Bu davranışın əsas səbəbi onların yaşayış şəraitidir. Freqat quşları okean üzərində yaşayır və qidalarını orada tapırlar. Lakin bədən quruluşları suya enmək üçün uyğun deyil. Suya düşsələr, yenidən uçmaq çətinləşir. Buna görə də onlar havada qalmağa çalışırlar.
Uçuş zamanı yuxuya getmək üçün quşlar yüksələn isti hava axınlarından istifadə edirlər. Bu axınlar onları yuxarı qaldırır və quşlar dairəvi şəkildə uçaraq istirahət edirlər. Beləliklə, enerji sərfini azaldır və qısa müddətli yuxu alırlar.
Alimlərin fikrincə, bu xüsusiyyət quşların təkamül nəticəsində qazandıqları uyğunlaşmadır. Uzun məsafələr qət edən və okean üzərində yaşayan quşlar üçün belə bir yuxu mexanizmi vacibdir.
Bu araşdırmalar yuxunun necə işlədiyini öyrənmək baxımından da maraqlıdır. Alimlər hesab edirlər ki, bu cür tədqiqatlar gələcəkdə heyvanların və insanların yuxu mexanizmləri haqqında yeni məlumatlar əldə etməyə kömək edə bilər.