Son 500 Ildə Dünyamızı Heyrətamiz Dərəcədə Dəyişən Dörd Bitki

Son iki yüz ildə insanlıq elmi və texnoloji yeniliklərin dünyanı necə dəyişdirdiyini görür. Lakin son 500 ildə bəşəriyyətin həyatına ən böyük təsiri yalnız texnologiya deyil, həm də dörd Amerika mənşəli bitki göstərib. Bu bitkilər qlobal iqtisadiyyatı, qidalanma vərdişlərini və sosial münasibətləri kökündən dəyişdirib. Qaynarinfo-nun məlumatına gprə, "Forbes" nəşrində yazan amerikalı evolyusiya bioloqu Skott Trevers qeyd edir ki, Yeni Dünyadan Avropaya gətirilən çoxlu bitki növləri qitənin qidalanma sistemini inqilabi şəkildə dəyişdirib. Onlardan dördü isə xüsusilə dəyərli və təsirli olub. Kakao Mərkəzi və Cənubi Amerikanın tropik meşələrindən gələn bu bitki insanlığa əvvəllər tanış olmayan bir məhsul – şokoladı bəxş edib. Maya və Astek sivilizasiyaları kakao dənələrini dini mərasimlərdə istifadə edir, bəzən onları pul əvəzi işlədirdilər. Kakaonu ilk dəfə Kristofor Kolumb görsə də, onun əhəmiyyətini anlamayıb. Daha uzaqgörən ispan konkistadoru Hernan Kortes isə Astek imperiyasını məğlub etdikdən sonra kakaonu İspaniyaya gətirib. Bu gün kakao Qərbi Afrikanın və dünyanın digər bölgələrinin iqtisadiyyatında strateji əhəmiyyətə malik kənd təsərrüfatı məhsuludur. Şokolad isə artıq müasir insanların gündəlik həyatının ayrılmaz hissəsidir. Qarğıdalı Kolumb həm də qarğıdalını ilk görən avropalı olub. XV əsrin sonlarında bu bitki bütün Karib hövzəsində becərilirdi. İspaniyaya gətirildikdən sonra qarğıdalı qısa müddətdə Aralıq dənizi ölkələrinə, oradan isə Afrikaya və Asiyaya yayılıb. Qarğıdalının müxtəlif iqlim şəraitinə uyğunlaşması və yüksək məhsuldarlığı onu dünyanın aparıcı taxıl bitkilərindən birinə çevirib. Bu gün o, buğda və düyü ilə yanaşı, əsas üç taxıl növündən biridir. Onun həm heyvandarlıq, həm də qida və sənaye məhsullarında rolu çox böyükdür. Kartof Avropalıların etimadını qazanmaqda çətinlik çəkən bu bitki XVI əsrin sonlarına qədər qitədə demək olar ki, tanınmayıb. Yalnız XVIII əsrin sonlarında geniş yayılaraq bir çox ölkələrdə "ikinci çörək" adını qazanıb. İrlandiya, Almaniya və Rusiya imperiyasında kartofun yüksək məhsuldarlığı kəndlilərə az torpaqla ailələrini dolandırmaq imkanı verib. Lakin XIX əsrin ortalarında İrlandiyada kartof xəstəliyi səbəbindən baş verən aclıq ölkə əhalisinin 1/4-ni məhv edib və milyonlarla insanı ABŞ-a köçməyə məcbur edib. Bu hadisə həm İrlandiyanın demoqrafiyasına, həm də Amerika mədəniyyətinə dərin təsir göstərib. Tütün Kolumbun ən ziddiyyətli "mirası" tütün hesab olunur. Cənubi Amerikada və Kariblərdə tütündən dini ayinlərdə istifadə edilib. Kolumb bu rituallardan təsirlənərək tütünü Avropaya gətirib və qısa zamanda bu bitki Avropa cəmiyyətində asılılıq yaradan bir vərdişə çevrilib. Tütünçülük tezliklə Avropa müstəmləkələrinin iqtisadi əsasına çevrilib və bu sahə bu gün də gəlirli qalır. Lakin siqaret çəkmənin insan sağlamlığına mənfi təsiri müasir dövrdə ən ciddi tibbi problemlərdən biri hesab olunur.