Orbital Təhlükə Aradan Qaldırılır: ABŞ-dən Inqilabi Texnologiya

ABŞ-nin Kolorado Universitetinin tədqiqatçıları Yerin orbitindəki tullantıların təmassız şəkildə təmizlənməsi üçün yeni bir sistem hazırlayıb və hazırda onun laboratoriya sınaqlarını aparırlar. Oxu.Az bu barədə "Daily Galaxy" nəşrinə istinadən xəbər verir. Bu texnologiya Yer orbitində nəzarətsiz qalan obyektlərin fəaliyyətdə olan peyklər və gələcək kosmik missiyalar üçün yaratdığı artan təhlükənin qarşısını almağa yönəlib. "Elektrostatik yedək" adlanan sistemin iş prinsipi istiqamətləndirilmiş yüklü hissəcik şüasından istifadəyə əsaslanır. Nəzərdə tutulur ki, xüsusi "təmizləyici" peyk tullantı obyektinə bir neçə metr məsafədə təhlükəsiz şəkildə yaxınlaşacaq. Daha sonra o, fokuslanmış elektron şüası buraxaraq hədəf obyekti - məsələn, raketin metal fraqmentini və ya köhnə peyki - mənfi elektrik yükü ilə yükləyəcək. Eyni zamanda, təmizləyici peyk öz elektrik yükünü saxlamaq və ya müsbət potensial yaratmaq üçün ion şüalandırıcısından istifadə edəcək. Əksyüklü cisimlər arasında yaranan elektrostatik cazibə qüvvəsi "virtual tros" effekti formalaşdırır. Bu qüvvə böyük olmasa da, tullantının trayektoriyasını fiziki təmas olmadan, yavaş, lakin idarəolunan şəkildə dəyişməyə imkan verir. Beləliklə, obyekt tədricən daha aşağı orbitə endirilərək atmosferdə yana və ya "məzarlıq orbiti" adlanan xüsusi orbitə köçürülə bilər.