Ohayo Universitetinin alimləri ağciyər xərçəngi hüceyrələrində dərman maddələrini xaric edən zülalların böyümə hormonu tərəfindən aktivləşdirildiyini aşkar ediblər. Bu kəşf, hormon reseptorlarının bloklanmasının xərçəng hüceyrələrinin məhv olma ehtimalını artıracağını göstərir.
“International Journal of Molecular Sciences” jurnalında dərc olunan araşdırma, kiçikhüceyrəli olmayan ağciyər xərçənginin (KHQX) müalicəsində yeni bir ümid yaradır. KHQX, ağciyər xərçəngi diaqnozlarının 80-85%-ni təşkil edir və zamanla müalicəyə davamlı olur.
Tədqiqatçılar, şiş hüceyrələrinin yaşamasına dəstək verən böyümə hormonu (GH) və onun reseptorunun (GHR) rolunu araşdırıblar. Xərçəng Genomu Atlasından əldə edilən məlumatlar, ağciyər şişlərində GHR səviyyəsinin sağlam toxumalara nisbətən yüksək olduğunu göstərib. Yüksək GHR səviyyəsi olan xəstələrin yaşam müddəti də daha qısa olub.
İnsan və siçan hüceyrələri üzərində aparılan təcrübələr, böyümə hormonunun xərçəng hüceyrələrinin kimyaterapiya preparatlarına (doksorubisin və sisplatin) qarşı müqavimətini artırdığını təsdiqləyib. Hormon, dərmanları hüceyrədən kənarlaşdıran zülalları aktivləşdirərək hüceyrə ölümünü azaldır və şişin aqressiv inkişafına şərait yaradır.
Alimlər, böyümə hormonu reseptorunun blokatoru olan peqvisomantı sınaqdan keçiriblər. Bu maddə, kimyaterapiya ilə birlikdə tətbiq edildikdə şiş hüceyrələrinin müalicəyə həssaslığını artırır və dərman dozasının azaldılmasına imkan verir.
Növbəti mərhələdə ağciyər xərçənginin heyvan modelləri üzərində sınaqlar aparılacaq. Uğurlu nəticələr əldə olunarsa, klinik sınaqlara başlanılacaq. Bu yanaşma effektiv və təhlükəsiz olduğunu sübut etsə, böyümə hormonu reseptorunun bloklanması rezistent ağciyər xərçənginin müalicəsində yeni bir üsul ola bilər.