Ada Süleymanova: Sevgidə Qadın Zəifləyər - Müsahi̇bə

Bəzən həyatda dönüş nöqtələri olur. Ada Süleymanova 29 yaşında aparıcılığa başlayaraq cəsarətli bir addım atıb. O, bu sahəyə gəlişini və layihəsinin yaranma hekayəsini danışdı. Vüsalə İbrahimli: Tamaşaçılar sizi yeni aparıcı kimi tanıyır. Özünüzü necə təqdim edərdiniz? Ada Süleymanova: Mən 30 yaşındayam. Səhnəyə sevgim çox böyükdür. Bəzən gecikdiyimi düşünsəm də, hər şeyin öz vaxtında olduğuna inanıram. 30 yaş, nələrəsə sahib olmaq üçün doğru zamandır. İndi öz yolumda inamla addımlayıram. Vüsalə İbrahimli: 29 yaşınıza qədər nə ilə məşğul olmusunuz? Ada Süleymanova: 4 il turizm sahəsində çalışdım. Bu iş insan psixologiyasını anlamaqda mənə kömək etdi. İnsanlarla ünsiyyət qurmağı öyrəndim. Hətta o vaxtlar diksiyamın efir üçün uyğun olduğunu deyirdilər. Vüsalə İbrahimli: Uşaqlıqda necə biri idiniz? Ada Süleymanova: Məktəb tədbirlərində fəal idim, inşa müsabiqələrində iştirak edirdim. Sinifin ən dəcəl uşağı olmuşam. Getdiyim hər məktəbdə sinif nümayəndəsi seçilirdim. Danışıq qabiliyyətim sayəsində müəllimlərin rəğbətini qazanırdım. Vüsalə İbrahimli: Niyə məhz 29 yaşında aparıcılıq? Ada Süleymanova: Bunu planlamamışdım. Şəxsi həyatım təsir etdi. Sevgiyə görə bu sahəyə gec gəldim. Azərbaycan bəyləri həyat yoldaşlarının efirdə olmasına hazır olmur. Qadın sevgidə bütün yükü öz üzərinə götürəndə zəifləyir. Vüsalə İbrahimli: Ailəniz necə reaksiya verdi? Ada Süleymanova: Ailəmdən güclü dəstək almadım. Anam dini dəyərlərə bağlıdır. Efirə çıxmaq qərarım onun ürəyincə deyildi. Zamanla vəziyyət dəyişdi. İndi anam verilişlərimi izləyir və mənə məsləhətlər verir. Vüsalə İbrahimli: İlk dəfə kamera qarşısına keçəndə nə hiss etdiniz? Ada Süleymanova: Kamera qarşısında özümü bəyənmirdim. Sosial şəbəkələrdə də aktiv deyildim. İlk vaxtlar kameraya baxa bilmirdim. Həyəcandan gözlərimi yumurdum. Vüsalə İbrahimli: Tənqidə açıqsınız? Ada Süleymanova: Hələ ciddi tənqidlərlə qarşılaşmamışam. Amma düşünürəm ki, zamanla belə hallar olacaq. Gülü sevən, tikanına da qatlaşmalıdır. Vüsalə İbrahimli: Nümunə götürdüyünüz biri varmı? Ada Süleymanova: Gənclik illərimdə bəzi aparıcılardan ilham alırdım. Məsələn, İradə İsaq, Nərgiz Cəlilova, Leyla Quliyeva və başqaları. Danışıq mənim üçün hər zaman önəmli olub. Vüsalə İbrahimli: "Sən Olsan" layihəsinin ideyası necə yarandı? Ada Süleymanova: Layihə rəhbəri Fariz Əliyevdir. O, efirə çıxacaq xanım axtarırdı. Mənim danışıq qabiliyyətim və potensialım onu inandırdı. Vüsalə İbrahimli: Verilişin əsas mesajı nədir? Ada Süleymanova: İnsanlar başqasının həyatına rəy bildirirlər. Verilişdə iştirakçının üzünü göstərmirik. Məşhur qonaq hadisəni danışan şəxsin yerində olsaydı, nə edərdi? Vüsalə İbrahimli: Layihədə sizi ən çox təsirləndirən hekayə hansı olub? Ada Süleymanova: Geyimlə bağlı mövzu məni təsirləndirdi. Geyim əxlaq ölçüsü deyil. Geyim insanın özünü təqdimetmə tərzidir. Vüsalə İbrahimli: Sən olsaydın, həyatında nəyi dəyişərdin? Ada Süleymanova: Heç nəyi dəyişməzdim. Keçmişdə etdiyim səhvlər məni bu günə gətirib çıxardı. Vüsalə İbrahimli: Kamera önündə və arxasında fərq varmı? Ada Süleymanova: Kamera önündəki Adanı çox da bəyənmirəm. Hələ tam olaraq özümü ekrana gətirə bilmirəm. Vüsalə İbrahimli: Sizi ən çox motivasiya edən nədir? Ada Süleymanova: Motivim olmasa, heç kim mənə kömək edə bilməz. Özümü motivasiya etməyi bacarıram. Kimsə mənə "bunu edə bilməzsən" desə, edəcəm. Vüsalə İbrahimli: Təşəkkür edirəm! Ada Süleymanova: Mən təşəkkür edirəm!