Ramiz Quliyevlə Vida Mərasimi Keçirilir - Yenilənib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, mərhum sənətkar II Fəxri xiyabanda dəfn olunacaq. Xatırladaq ki, xalq artisti Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi səbəbindən sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. *** Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimində bildirib ki, Ramiz Quliyevin vəfatı xalqımız və mədəniyyətimiz üçün böyük itkidir. Nazirlik rəsmisi Xalq artistinin Azərbaycan musiqisinin dünyada tanıdılmasında əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb: "O, peşəkar ifası ilə Azərbaycan milli musiqisini dünya arenasında təbliğ edib. Yüzlərlə tələbə yetişdirib, çox yüksək pedaqoji qabiliyyətə malik idi. Əminəm ki, Ramiz Quliyevin tələbələri onun zəngin mədəni irsini daim yaşadacaqlar".