Sumqayıtda Ata Və Oğulları Qızıla Görə Bacısı Oğlunu Döyüb: Məhkəmə Hökmü!

Sumqayıt Apellyasiya Məhkəməsində maraqlı məhkəmə prosesi baş tutub.

Xuliqanlıqda təqsirləndirilən Arzuman Əkbərov və onun oğulları Razim və Nazim Əkbərovun apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Apellyasiya şikayəti qismən təmin edilib və Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Amnistiya aktına əsasən, təqsirləndirilən şəxslər azadlığın məhdudlaşdırılması cəzasından azad ediliblər.

Hadisə 2024-cü ildə Xırdalan şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib. İttihama görə, Arzuman Əkbərov oğulları ilə əlbir olaraq bacısı oğlu Mahal Hacıyevi döyüblər. Mübahisənin səbəbi qızılın çəkisi ilə bağlı qarşılıqlı ittihamlar olub.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər ictimai qaydanı kobud şəkildə pozaraq Mahal Hacıyevə xəsarətlər yetiriblər. Zərərçəkmiş şəxsə burun sınığı, qançırlar və digər xəsarətlər yetirilib. Həmçinin, avtomobilinə ziyan vurulub.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilənlərin hər biri 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.