Naxçıvan Hava Limanına edilən dron hücumu nəticəsində xəsarət alanların adları məlum olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilən yaralılara zəruri tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.
Səhiyyə Nazirliyinin məlumatına görə, xəsarət alanlar bunlardır:
- Əsəd Cəfərov (1998-ci il təvəllüdlü, Babək rayonu): Qapalı kəllə-beyin travması və barotravma alıb, eşitmə problemləri var.
- Mehdi Əsgərov (1996-cı il təvəllüdlü, Culfa rayonu): Çiyin nahiyəsində yaralanma qeydə alınıb.
- Reyhanə Vəliyeva (1986-cı il təvəllüdlü, Naxçıvan şəhəri): Qapalı kəllə-beyin travması və barotravma alıb.
- Zülfüqar Zülfüqarlı (1996-cı il təvəllüdlü, Naxçıvan şəhəri): Döş qəfəsinin arxa səthinin küt travması alıb.
Həkimlər yaralıların vəziyyətinin stabil olduğunu və həyati təhlükənin olmadığını bildiriblər. Müalicələri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərovun sözlərinə görə, dörd nəfər müraciət edib. Onlardan ikisinə baş-beyin travması, digər ikisinə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub.
Xatırladaq ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. Hadisə nəticəsində mülki şəxslər xəsarət alıb.