Balıkesirin Ayvalıq rayonunda qeyri-qanuni miqrantları daşıyan sürətli qayıq Sahil Mühafizəsinin katerinə çırpılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qəza nəticəsində 6 miqrant həyatını itirib, 1 nəfər isə ağır yaralanıb.
Balıkesir Valiliyindən verilən məlumata görə, Sahil Mühafizəsi Şimal Ege Qrup Komandanlığı əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı 1 qaçaqmalçı təşkilatçı ilə birlikdə 34 qeyri-qanuni miqrantı daşıyan fiber gövdəli sürətli qayıq Ayvalığın Badavut açıqlarında Sahil Mühafizə katerinə dəyib.
Qəza zamanı dənizə düşən 5 miqrantın cansız bədəni tapılıb, 1 qadın miqrant isə ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən sonra itkin düşən bir nəfərin axtarışları davam etdirilib.
Bu gün aparılan axtarışlar nəticəsində itkin düşən şəxsin meyiti Ayvalığın Altınova sahillərində balıq ovu ilə məşğul olan trol qayığının torlarına ilişib. Balıqçılar toru çəkərkən gənc bir kişinin cansız bədənini aşkarlayıb və dərhal Sahil Mühafizəsinə məlumat veriblər. Komandanın araşdırması nəticəsində meyitin həmin itkin miqranta aid olduğu müəyyənləşdirilib.
Meyit Ayvalıq Dövlət Xəstəxanasının morquna aparılıb. Beləliklə, bölgədə davam edən axtarış-xilasetmə əməliyyatı da yekunlaşdırılıb.
Digər tərəfdən, qəzada ağır yaralanan qadın miqrant Ayvalıq Dövlət Xəstəxanasından Edremitə köçürülüb. Həkimlər onun həyati təhlükəsinin davam etdiyini bildiriblər.
Mənbə: https://sonxeber.az