Dənizdə Fırtına Faciəsi: Suya Düşən 3 Işçidən Biri ölüb - VİDEO

Türkiyənin Aydın vilayətinin Kuşadası rayonunda güclü fırtına zamanı dokda aparılan işlər faciə ilə nəticələnib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, dalğaların şiddətlənməsi nəticəsində 3 işçi dənizə düşüb, onlardan biri həyatını itirib, iki nəfər isə yaralanıb. Hadisə axşam saatlarında Kadınlar Dənizi ərazisində, Le Blue Hotel-in qarşısındakı iskeledə baş verib. İlkin məlumata görə, əlverişsiz hava şəraitinə baxmayaraq aparılan işlər zamanı güclü külək və dalğalar səbəbindən işçilər dokdan dənizə düşərək uzun müddət suda köməksiz vəziyyətdə qalıblar. Məlumat daxil olduqdan sonra hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə, polis və sahil mühafizəsi qüvvələri cəlb edilib. Xilasetmə əməliyyatı nəticəsində Abdullah K. (26) və Muharrem D. (22) sudan çıxarılaraq həkimlərə təhvil verilib. Üçüncü işçi - İsmail Dağın (30) isə meyiti hadisə yerindən təxminən 100 metr aralıda tapılıb. Yaralı iki işçi təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onlardan Abdullah K.-nın vəziyyətinin ağır olduğu və həyati təhlükəsinin davam etdiyi bildirilir. Həyatını itirən İsmail Dağın cəsədi isə xəstəxananın morquna yerləşdirilib. Bundan başqa, işçilərin işə başlamazdan əvvəl fırtınanın olduğunu və işləmək istəmədiklərini bildirdikləri, lakin buna baxmayaraq işlərin davam etdirilməsinin tələb olunduğu iddia edilir. Faktla bağlı araşdırma aparılır.