""Tramp Dəhlizi" Ifadəsi əslində ABŞ-ın Layihəyə Siyasi Möhür Vurmaq Cəhdidir" - AÇIQLAMA

"Avqust ayında Vaşinqtonda aparılan danışıqlar Cənubi Qafqaz üçün yeni logistik reallıqların əsasını qoydu. ABŞ nümayəndələrinin bu prosesi "Tramp dəhlizi" adı altında gündəmə gətirməsi isə, əslində, regionda kommunikasiya layihələrinin artıq beynəlxalq razılaşmalar səviyyəsinə yüksəldiyini göstərir. Burada söhbət sadəcə nəqliyyat xəttindən yox, geosiyasi balansın yenidən qurulmasından gedir". Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb. O, açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizi mövzusu Vaşinqton platformasında müzakirə olunduqdan sonra aydın oldu ki, bu məsələ yalnız Azərbaycan-Ermənistan münasibətlərinin yox, həm də Qərb və regional güclərin qarşılıqlı razılaşmalarının tərkib hissəsinə çevrilib: "Artıq proses regional çərçivəni aşıb, qlobal gündəliyə daxil olub. Azərbaycan üçün bu, mühüm üstünlükdür. Çünki Vaşinqton razılaşmalarında dəhlizin işləməsi və regionun yeni logistika mərkəzinə çevrilməsi ideyası dəstəkləndi. Ermənistanın prosesə tərəddüdlə yanaşması isə reallığı dəyişmir – dəhliz artıq siyasi konsensusun bir hissəsidir. "Tramp dəhlizi" ifadəsi əslində ABŞ-ın layihəyə siyasi möhür vurmaq cəhdidir. Amma bu, Azərbaycanın əlindəki kartı zəiflətmir, əksinə gücləndirir. Çünki dəhlizin istənilən halda açılması Bakının geoiqtisadi mövqeyini gücləndirəcək, regiondakı nəqliyyat xəritəsini isə Azərbaycanın maraqlarına uyğun formalaşdıracaq. Beləliklə, Vaşinqton görüşlərindən sonra formalaşan reallıq budur: Zəngəzur dəhlizi artıq beynəlxalq razılaşmanın predmeti kimi qəbul olunub və Azərbaycanın regional təsir imkanlarını artıran əsas faktora çevrilib". Vüsalə İbrahimli

Mənbə: https://sonxeber.az