"Ulu Öndər Heydər Əliyev ən ümdə Vəzifə Kimi Torpaqlarımızın Işğaldan Azad Edilməsini Qarşıya Məqsəd Qoymuşdu" - DEPUTAT

"Azərbaycan xalqı 12 dekabr tarixini Ümummilli Lider Heydər Əliyevin anım günü kimi dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edir. Bu tarix təkcə xatırlama mərasimi deyil, Azərbaycan xalqının öz xilaskarına olan ehtiramının ifadəsidi". Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. O, açıqlamasında qeyd edib ki, vətənini, torpağını, xalqını canından artıq sevən, Azərbaycanı daim zirvələrdə görmək istəyən Ulu Öndər elə möhkəm təməl yaratdı ki, bu təməl üzərində Azərbaycan daha möhtəşəm uğurlara və zəfərlərə imza atır: "Bu gün Ümummilli Liderin vaxtilə ən böyük arzusu olan işğal altındakı torpaqlarımızın azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə yeni həyatın başlanması artıq reallaşıb. Ulu Öndər Heydər Əliyev ən ümdə vəzifə kimi torpaqlarımızın işğaldan azad edilməsini qarşıya məqsəd qoymuşdu. O, bu sahədə böyük müdriklik nümayiş etdirir, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün var gücü ilə çalışırdı. Ordu quruculuğu istiqamətində apardığı islahatlarla müdafiə qüdrətimizin möhkəm və etibarlı təməlini qoyan dahi şəxsiyyət, böyük fəlakətlər qarşısında olan Azərbaycan naminə hamını birliyə səsləyir və xalqın bir yumruq kimi birləşərək bir amal uğrunda mübarizə aparmasını istəyirdi. Ümummilli Lider öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli və dahi şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin zəkasının işığında qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin həyat amalının təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin ideyaları bundan sonra da Azərbaycanın davamlı uğurlarının əsası olacaq. Nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq!". Vüsalə İbrahimli