Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Azərbaycan və Ermənistana silah embarqosunun ləğvi ilə bağlı yazılı bəyanatı dərc edilib.
Bəyanatda deyilir:
"Mən Sizə Cənubi Qafqazdakı əlamətdar hadisələr və Böyük Britaniyanın Ermənistanla Azərbaycan arasında sülh prosesində irəliləyişə reaksiyası barədə məlumat vermək istərdim. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirib. Nəticədə sülh sazişi paraflanıb və bəyannamə imzalanıb. Sənədlərə ATƏT-in Minsk qrupunun buraxılmasına çağırış və Ermənistanın suverenliyinə hörmət etməklə Azərbaycan ilə Naxçıvan arasında əlaqəni təmin etmək öhdəliyi daxildir. Böyük Britaniya əldə olunan tərəqqini alqışlayır. Bu, sülh və sabitliyə doğru mühüm addımdır. Bununla əlaqədar biz Ermənistan və Azərbaycanla münasibətlərin səviyyəsini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəldirik. Avqustun 24-dən 26-dək dəstəyi təsdiqləmək və praktik addımları müzakirə etmək üçün hər iki ölkəni ziyarət etmişəm.
Biz Minsk qrupunun buraxılmasını dəstəklədik. Əldə olunan irəliləyişi nəzərə alaraq hesab edirik ki, ATƏT-in 1992-ci il embarqosu aktuallığını itirib. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə aradan qaldırır. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə və ölkələrə hibrid təhdidlərə cavab daxil olmaqla, suverenliyi və ərazi bütövlüyünü qorumağa kömək edəcək. İxrac lisenziyaları ciddi meyarlara görə fərdi olaraq nəzərdən keçiriləcək.
Biz bölgədəki vəziyyəti izləyəcəyik. Ümid edirik ki, bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və firavanlığa yol açacaq. Böyük Britaniya bu dəyişiklikləri və regional sabitliyi dəstəkləmək üçün hər iki ölkə, ABŞ, Al və digər tərəfdaşlarla əməkdaşlıq etməyə hazırdır".
"Böyük Britaniyanın bu bəyanatı regionda yeni geosiyasi mərhələnin başlandığını göstərir. London açıq şəkildə bildirir ki, Cənubi Qafqazda status-kvo dəyişib və bunu qəbul edir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Silah embarqosunun ləğvi, əslində, Azərbaycanın suverenliyinə və regionda yaratdığı yeni reallıqlara verilən dolayısı siyasi dəstəkdir. ATƏT-in Minsk Qrupunun buraxılması çağırışı isə Qərbin artıq köhnə formatlardan imtina etdiyini sübut edir. Bu qərar Azərbaycanın diplomatik uğurlarının və qlobal səviyyədə etimad qazanmasının bariz nəticəsidir. Maraqlıdır ki, bəyanatda Ermənistanın suverenliyinə hörmətlə yanaşı, Azərbaycanın Naxçıvanla quru əlaqəsinin vacibliyi də xüsusi qeyd olunur. Bu, Zəngəzur dəhlizinin beynəlxalq səviyyədə tanınmasının ilkin siyasi forması kimi dəyərləndirilə bilər. Böyük Britaniyanın həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq səviyyəsinə keçidi balans siyasəti kimi görünsə də, faktiki olaraq bu, Bakı yönümlü qərardır. Çünki Azərbaycan bölgədə real sabitlik, iqtisadi potensial və təhlükəsizlik təminatçısı rolunu oynayır. Britaniya bu prosesdə həm enerji təhlükəsizliyi, həm də Cənubi Qafqazda nüfuz savaşı baxımından maraqlıdır. Embarqonun ləğvi, eyni zamanda, Qərbin Rusiyanın təsir dairəsini daraltmaq üçün atdığı praqmatik addımdır. Bu, Cənubi Qafqazda yeni silah balansı yaratmaqla, regional güc mərkəzlərinin yenidən formalaşmasına səbəb ola bilər. Böyük Britaniyanın bu jesti ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh prosesinə əlavə impuls verir. Bu, həm də Azərbaycanın beynəlxalq hərbi-siyasi tərəfdaşlıq imkanlarını genişləndirəcək. Nəticə etibarilə, Londonun qərarı postmüharibə dövrünün reallıqlarını tanıyan və Azərbaycanı regional sabitliyin açar aktoru kimi qəbul edən mühüm siyasi mesajdır".
2025-10-14
15:58:10
"London Açıq şəkildə Bildirir Ki, Cənubi Qafqazda Status-kvo Dəyişib Və Bunu Qəbul Edir" - AÇIQLAMA
Digər Xəbərlər
-
İlham Əliyev NUFA3 Iştirakçılarına Müraciət ünvanlayıb
2025-10-15 12:59:07 -
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
2025-10-15 12:47:10 -
"Füzuli Torpağı Bu Gün Azadlıq, Dirçəliş Və Milli Qürur Rəmzinə çevrilib" - Şahin Seyidzadə
2025-10-14 16:21:09 -
İlham Əliyev "Rebuild Karabakh-2025" Sərgisinin Iştirakçılarına Müraciət ünvanlayıb
2025-10-14 11:51:10 -
Prezidentdən Yaxın Şərq Sülh Sammiti Ilə Bağlı - Paylaşım
2025-10-14 11:38:06