"Heydər Əliyev Azərbaycançılıq Ideyasını Siyasi Konsepsiyaya çevirərək Xalqın Kimliyini Modern Dövrə Daşıdı" - AÇIQLAMA

"12 dekabr Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin anım günü kimi həm ehtiram, həm də dərin düşüncə ilə xatırlanan bir gündür. Bu gün yalnız bir lideri deyil, bütöv bir dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük bir şəxsiyyəti yad edirik". Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb. O, açıqlamasında qeyd edib ki, Heydər Əliyevin qurduğu siyasi məktəb ölkəni çöküş təhlükəsindən çıxarıb sabitlik və inkişaf yoluna saldı: " Onun qətiyyəti, soyuqqanlı qərarları və tarixi situasiyaları doğru oxuma bacarığı milli dövlətçiliyin bünövrəsini möhkəmləndirdi. Müstəqilliyin yenidən bərpasından sonrakı ağır dövrdə o, xalqın ümidi və təhlükəsizlik dayağına çevrildi. Azərbaycanın gələcək xəritəsini çəkən məhz onun strateji düşüncə tərzi oldu. Neft müqavilələri, regional əməkdaşlıq formatları və ölkənin beynəlxalq mövqeyini yüksəldən bütün addımlar uzaqgörən siyasətin nəticəsi idi. Bu gün Azərbaycanın güclü dövlət kimi möhkəmlənməsi həmin xəttin davamıdır. Ulu Öndər yalnız siyasətçi deyildi, sabitliyin, dövlət quruculuğunun və milli həmrəyliyin rəmzi idi. Onun irsinin gücü ondan ibarətdir ki, zaman keçdikcə dəyəri daha aydın görünür. Heydər Əliyev Azərbaycançılıq ideyasını siyasi konsepsiyaya çevirərək xalqın kimliyini modern dövrə daşıdı. Bu xatirə günü həm də dövlətə xidmətin nə demək olduğuna bir dərsdir. Onun yaratdığı siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda davam etdirilir. Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının yaddaşında hər zaman ehtiramla yaşayacaq".