"8 yanvarda Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin investisiyası ilə 240 MVt gücündə Külək Elektrik Stansiyasının açılışının baş tutması yeni bir tarixin başlanğıcının ilkin mərhələsidir. Azərbaycan hadisələri və zamanı qabaqlayır. Bu günə qədər ölkəmizdə icra olunmuş bir çox layihələr uzaqgörənliklə həyata keçirilib və lazım olan zamanda mühüm töhfələr verməyə başlayıb. Bəzi hallarda beynəlxalq tərəfdaşların vaxtında səmərəsiz hesab etdiyi layihələr bu gün onlar üçün ən vacib ümid mənbəyinə çevrilib. Məsələn, Cənub Qaz Dəhlizi bu gün hamı üçün çox maraqlı və əməkdaşlıq baxımından arzu olunan bir mənbədir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Azər Badamov danışıb.
O, açıqlamasında qeyd edib ki, bu gün Azərbaycanın xarici sərmayədarları cəlb edərək ərsəyə gətirdiyi günəş və külək elektrik stansiyalarının generasiya etdiyi elektrik enerjisinə təkcə ölkəmizdə deyil, həmçinin Avropada da böyük ehtiyac yaranacaqdır:
"Bu baxımdan deyə bilərik ki, dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanı inkişaf etdirməklə yanaşı, bir çox layihələrdə öndə gedən və zamanı qabaqlayan ölkəyə çevirib. Bərpaolunan enerji gündəliyimiz olduqca genişdir və bu sahədə potensialımız da çox böyükdür. Belə ki, dənizdə 157, quruda isə 40 giqavatdan çox təsdiqlənmiş bərpaolunan enerji potensialımız mövcuddur. Bu gün ölkəmizdə 10 min meqavat elektrik enerjisi ənənəvi yollarla istehsal olunur. 2032-ci ildə isə bunun 8 giqavatı yalnız bərpaolunan enerji mənbələri hesabına istehsal ediləcəkdir.
230 meqavat gücündə istifadəyə verilmiş Qaradağ Günəş Elektrik Stansiyası, eləcə də dünən istismara verilən 240 meqavat gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası ilə başlanan bu yol Biləsuvar, Neftçala və Naxçıvan Günəş Elektrik Stansiyalarının, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşası davam etdirilən və ümumi gücü 340 meqavat olan üç stansiyanın dövriyyəyə qoşulması ilə davam edəcəkdir. Bərpaolunan enerji sektorumuz beynəlxalq əməkdaşlıq üçün də yeni imkanlar açır. Belə ki, podratçı qismində iştirak edən "PowerChina" şirkəti bu sahənin inkişafında yaxından rol oynayır. Ən vacib məqamlardan biri də odur ki, yerli şirkətlərimiz də bərpaolunan enerji sahəsinin formalaşdırılmasında fəal iştirak etmək istəyirlər. Ümumilikdə Azərbaycan energetiklərinin peşəkarlığının artması həm bərpaolunan enerjinin vahid elektrik şəbəkəsinə uğurla inteqrasiyasında, həm də enerji saxlanc batareyaları sistemlərinin yaradılmasında özünü göstərir. Bu baxımdan "Azərenerji" tərəfindən yaradılacaq 240 meqavat gücündə Batareya Saxlanc Mərkəzi bərpaolunan enerjinin saxlanması və dayanıqlı təminatında mühüm rol oynayacaqdır".
Deputat onu da vurğuladı ki, bərpa olunan enerji sektorunun inkişafı ölkəmizə böyük həcmdə təbii qaza qənaət etməyə və atmosferə atılan karbon emissiyalarının azaldılmasına imkan verəcəkdir:
"Hədəflərimiz arasında təmiz ekoloji mühitin qorunması prioritetdir və bu baxımdan bərpaolunan enerji sektorunun inkişafı həlledici rol oynayır. Digər mühüm məsələ isə böyük hədəflər kimi müəyyən etdiyimiz süni intellekt və data mərkəzlərinin yaradılması və onların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində bərpaolunan enerji sektorunun əhəmiyyətli rol oynayacağıdır. Bərpaolunan enerji potensialımızın artması ixrac qabiliyyətimizi də yüksəldəcəkdir. Bu günə qədər əsasən neft, neft məhsulları və təbii qaz ixrac edirdiksə, gələcəkdə bərpaolunan enerjini də Avropa bazarlarına ixrac etmək imkanına malik olacağıq. Bu isə ölkəmizin iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, siyasi mövqelərimizin güclənməsinə də töhfə verəcəkdir. Sonda qeyd etmək istərdim ki, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi yalnız enerji təhlükəsizliyinin möhkəmləndirilməsi deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişaf modelinin əsas prioritetlərindən biridir".
Vüsalə İbrahimli
2026-01-09
12:16:09
"Hədəflərimiz Arasında Təmiz Ekoloji Mühitin Qorunması Prioritetdir" - DEPUTAT
Digər Xəbərlər
-
"Azərbaycan Həm Milli, Həm Regional, Həm Də Qlobal Səviyyədə Enerji Təhlükəsizliyinə Böyük Töhfələr Verir" - DEPUTAT
2026-01-10 12:44:06 -
"Azərbaycan Həm Milli, Həm Regional, Həm Də Qlobal Səviyyədə Enerji Təhlükəsizliyinə Böyük Töhfələr Verir" - DEPUTAT
2026-01-10 12:42:09 -
Donald Tramp Putini Devirə Bilər? - AÇIQLAMA
2026-01-09 16:36:10 -
"Bu Gün Azərbaycanın ümumi Generasiya Gücü 10 Min Meqavat Civarındadır" - DEPUTAT
2026-01-09 15:49:09 -
Gələcək Hədəflər Daha çox Yaşıl Enerji Istehsalıdır
2026-01-09 12:29:09