"Cənubi Qafqazda Sülhün Müəllifi Də, Gündəliyin Sahibi Də, Sabitliyin Təminatçısı Da Azərbaycandır" - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmaları Cənubi Qafqazda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib. "Hesab edirik ki, Azərbaycan və Ermənistanın sülh haqqında birgə bəyannamə imzalaması tarixi əhəmiyyətə malikdir və bu regionda və onun hüdudlarından kənarda hərtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Cənubi Qafqazda sabitliyi təmin edəcək tamformatlı sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirik", - Tokayev qeyd edib. Qazaxıstan Prezidenti Bakı və İrəvanın yaxın gələcəkdə yekun sülh sazişi imzalayacağına ümidvar olduğunu bildirib. "Tokayevin Aşqabad çıxışı, əslində, regionun artıq tam şəkildə Azərbaycan mərkəzli yeni geosiyasi mərhələyə keçdiyini təsdiqləyən ciddi siqnaldır", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib: "O, Vaşinqton razılaşmalarını yada salsa da, prosesin mahiyyətini düzgün oxuyur: bu gün Cənubi Qafqazda gündəmi diktə edən bir məkan varsa, o da Bakıdir. Azərbaycanın yaratdığı təhlükəsizlik mühiti, sərhədlərin delimitasiyasında irəli sürdüyü birmənalı prinsipial mövqe və regionda iqtisadi əlaqəlilik xəritəsini yenidən qurması artıq bütün paytaxtlarda qəbul olunmuş reallıqdır. Tokayevin "tarixi əhəmiyyət" deməsi, açığı, Astananın da bu reallığı təkcə siyasi yox, strateji fenomen kimi görməsindən xəbər verir. Qazaxıstan yaxşı anlayır ki, Bakı-İrəvan xəttində əldə olunan razılaşmalar Qərbin yox, Azərbaycanın siyasi iradəsinin nəticəsidir. Çünki masaya şərtləri qoyan tərəf güclü iqtisadi dinamika, təsirli diplomatiya və qəti təhlükəsizlik modeli olan tərəfdir. Bu da birmənalı şəkildə Azərbaycandır. Özəlliklə, Tokayevin "tamformatlı sülh müqaviləsi tezliklə bağlanacaq" sözləri region dövlətlərinin Bakının yaratdığı yeni nizamı dəstəkləməkdə maraqlı olduqlarını göstərir. Əslində bu, Qazaxıstanın dolayısı ilə etiraf etdiyi həqiqətdir: Cənubi Qafqazda sabitlik Bakının siyasi iradəsindən keçir və bu sabitlik Orta Asiya da daxil olmaqla geniş coğrafiyada kommunikasiyaların açılmasına şərait yaradır. Bu bəyanat həm də onu göstərir ki, artıq heç kim bölgədə köhnə oyun qaydalarına qayıtmağı gözləmir. Azərbaycan hərbi gücünü, diplomatik çəkisini və iqtisadi dayaqlarını birləşdirərək regionda öz modelini formalaşdırıb. Tokayevin ritorikası da məhz bu modelə hörmətin və qəbulun ifadəsidir. Nəticə budur: Cənubi Qafqazda sülhün müəllifi də, gündəliyin sahibi də, sabitliyin təminatçısı da Azərbaycandır. Tokayev sadəcə bu reallığı beynəlxalq tribunadan səsləndirdi".